ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRƏ YENİ QƏBUL QAYDALARI AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən mətbuat konfransında 2008-2009-cu tədris ili üçün ali məktəblərə, orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə yeni qəbul qaydaları açıqlanmışdır.
Bu il qəbul imtahanlarının təşkili ilə bağlı müəyyən dəyişikliklər nəzərdə tutulmuşdur.
TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdir ki, ali və orta ixtisas məktəblərinə ərizə qəbulu internet vasitəsilə aparılacaqdır. Abituriyentlər internetdə seçdikləri ixtisas qrupu və bölmələri göstərməklə “Elektron ərizə”dolduracaqlar. Daha sonra müvafiq sənədləri sənəd qəbulu komissiyasına təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər.
Qeyd olunmuşdur ki, qəbul imtahanları keçirildikdən sonra abituriyentlər topladıqları ballara və müsabiqə şərtlərinə uyğun olaraq “Elektron ərizə”lərində ixtisas kodlarını seçəcəklər. Onlar ərizələrində əvvəllər olduğu kimi, yenə də 8-dək ixtisas qeyd edə biləcəklər.
Bütün ixtisas qruplarında hər bir fənn üzrə imtahan suallarının sayı 25 müəyyənləşdirilmişdir (cəmi 125 sual). I ixtisas qrupunda fizika və riyaziyyat fənlərinin hər biri üzrə çəki əmsalı 2 təyin olunmuşdur (əvvəllər riyaziyyat fənni üzrə çəki əmsalı 2,5, fizika fənni üzrə isə 1,5 idi), rus bölməsində Azərbaycan dili fənnindən imtahan suallarının sayı 30 müəyyən edilmişdir (ötən il 20 idi), “Psixologiya” ixtisası III ixtisas qrupundan IV ixtisas qrupuna keçirilmişdir.
M.Abbaszadə diqqətə çatdırmışdır ki, ali məktəblərə yerləşdirmənin nəticələri elan edildikdən sonra qəbul olmayan abituriyentlər arasında müsabiqə əsasında orta təhsil bazasından orta ixtisas məktəblərinə ixtisas seçimi aparılacaqdır. Abituriyentlər ixtisas seçimini internet vasitəsilə yerinə yetirəcəklər.
Bildirilmişdir ki, «Abituriyent» jurnalının 1-ci nömrəsində ali məktəblərə, orta (11 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları ilə yanaşı, 2008-2009-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə, hərbi liseylərə qəbul proqramları və digər zəruri materiallar dərc edilmişdir. Proqramlar qüvvədə olan məktəb proqramlarına və dərsliklərə tamamilə uyğun hazırlanmışdır. Eyni zamanda, jurnalda qəbul imtahanlarına hazırlıq prosesində abituriyentlərə kömək məqsədi ilə test tapşırığı nümunələri də təqdim olunmuşdur.
Sonra TQDK-nın sədri mövzu ilə bağlı jurnalistləri maraqlandıran suallara cavab vermişdir.