RƏSMİ XRONİKA
ALİ SOVETDƏ QƏBUL
İyunun 22-də Respublika Ali Sovetinin sədri Heydər Əliyev Böyük Britaniyanın Rusiya və Azərbaycandakı səfiri Brayan Follu qəbul etmişdir. Səfir bildirmişdir ki, Böyük Britaniya müstəqil Azərbaycan dövləti ilə öz münasibətlərinin hərtərəfli inkişafı, o cümlədən parlamentlər arasında əlaqələrin möhkəmlənməsi üçün bütün imkanlardan istifadə etməyə hazırdır. B.Foll qeyd etmişdir ki, respublikada yaranmış ictimai-siyasi gərginlik İngiltərədə də böyük narahatlıq doğurur. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan xalqı bütün bu çətinliklərə üstün gələcək, qardaş qırğınına yol verməyəcəkdir.
Heydər Əliyev demişdir ki, İngiltərə kimi nüfuzlu bir dövlətlə qarşılıqlı surətdə faydalı əlaqələrin inkişafını yüksək qiymətləndiririk. Respublikanın qarşılaşdığı çətinliklərdən, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə aparmasından, torpaqlarımızın müəyyən hissəsinin işğal olunmasından, habelə Gəncədə baş vermiş hadisələrdən bəhs edən parlamentin spikeri əlavə etmişdir: “İnanıram ki, xalqımız tarixin bu çətin sınağından da çıxacaq, ərazi bütövlüyünü qoruyacaq və tezliklə respublikamızda sülh, əmin-amanlıq bərpa olunacaqdır. Bundan ötrü mən parlamentin rəhbəri kimi əlimdən gələni edəcəyəm”.
Görüşdə dövlət müşaviri Vəfa Quluzadə, Ali Sovetin beynəlxalq münasibətlər şöbəsinin müdiri Namiq Axundov və digər rəsmi şəxslər iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri