Azərbaycan Dövlət İnformasiya Agentliyi

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ ÇALIŞAN İŞÇİLƏRİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilmiş stimullaşdırma sisteminin tətbiqini təmin etmək və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2008-ci il sentyabrın 15-dən orta hesabla 50 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

2.1. dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq aylıq vəzifə maaşlarının, habelə elmi-pedaqoji stajları və həmin müəssisədə təhsil alan tələbələrin sayı ilə əlaqələndirilmiş vəzifə maaşlarına əlavələrin məbləğlərini təsdiq etsin;

2.2. dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin ümumi dərs yükünün optimallaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görsün;

2.3. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 sentyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin