SİYASƏT
A.LİBERMAN: İSRAİL İLƏ AZƏRBAYCAN ARASINDA SİYASİ DİALOQ ÇOX SƏMƏRƏLİ VƏ KONSTRUKTİVDİR
Moskva, 3 iyun (AZƏRTAC). İsrail Dövləti Baş nazirinin birinci müavini, xarici işlər naziri Aviqdor Liberman Moskvada, İTAR-TASS agentliyində keçirilən mətbuat konfransında demişdir: “İsrail ilə Azərbaycan arasında siyasi dialoq çox səmərəli və pozitivdir”.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin çox uğurla inkişaf etdiyini xüsusi vurğulayan nazir demışdır ki, İsraildə Azərbaycandan gəlmələrin sayı çoxdur. Azərbaycandakı yəhudi icması da ikitərəfli münasibətlərə öz töhfəsini verir: “Ümumiyyətlə, Azərbaycanla aramızda olduqca müsbət, konstruktiv dialoq yaranmışdır. Biz buna çox sevinirik və ümidvarıq ki, münasibətlərimiz bundan sonra da belə inkişaf edəcəkdir”.
İsrail XİN-in başçısının Rusiya səfərinə və bu ölkənin rəhbərliyi ilə görüşlərinə həsr olunmuş yekun mətbuat konfransında Rusiya ilə ikitərəfli əməkdaşlıq məsələlərinə, ərəb-İsrail münaqişəsinə, habelə beynəlxalq problemlərə toxunulmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva