MƏDƏNİYYƏT
ALİM QASIMOV İLƏ “ZİYALI ÜNSİYYƏTİ”
Bakı, 17 iyun (AZƏRTAC). GRBS Beynəlxalq Tədris Mərkəzində “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin aylıq “Ziyalı ünsiyyəti” çərçivəsində keçirdiyi növbəti görüş “Musiqi əyləncədir, yoxsa təfəkkür tərzi” adlandırılmışdır.
Görüşdə sənətşünaslıq doktoru, professor Sevil Fərhadova və Xalq Artisti, muğam ustası Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti, professor Zümrüd Dadaşzadə, müğənni, Əməkdar Artist Azərin, Əməkdar Memar Sabir Orucov, fəlsəfə elmləri doktorları Rəfiqə Əzimova, Əhməd Qəşəmoğlu, filologiya elmləri namizədi Mömünat Ömərova, yazıçı-sənətşünas Sara Oğuz, rejissor Elçin Hami Axundov, kinorejissor Elçin Musaoğlu, psixoloq Elmir Əkbər və başqaları iştirak etmişlər. Həmçinin görüşə şəhər ictimaiyyətinin fəal nümayəndələri, televiziya və mətbuat təmsilçiləri də qatılmışdılar.
Qurumun mətbuat xidmətindən bildirmişlər ki, “Ziyalı ünsiyyəti”ni giriş sözü ilə GRBS Beynəlxalq Tədris Mərkəzinin nümayəndəsi Bəhram Qurbanov açaraq qonaqları salamlamış, gənclərin maariflənməsi yönündə müxtəlif layihələr həyata keçirən təlim mərkəzinin ziyalı görüşlərinə bundan sonra da həvəslə ev sahibliyi edəcəyini vurğulamışdır.
“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli görüşün məram və məqsədindən danışmış, əvəzsiz sərvət olan musiqinin, xüsusilə də muğamın sadəcə bir əyləncə vasitəsi deyil, dərin məna kəsb edən nemət, yüksək mənəvi dəyər və özünəməxsus bir təfəkkür tərzi olduğunu qeyd etmişdir.
Görüşün mövzusunun nəzəri cəhətlərini professor Sevil Fərhadova kifayət qədər geniş və maraqlı şəkildə açıqlamışdır. Azərbaycan muğamını dünya miqyasında təbliğ edən və sevdirən Alim Qasımov məhz öz həyatında musiqinin yerindən, muğamın insan düşüncəsinə təsirindən danışmışdır. Görüşdə professor Zümrüd Dadaşzadə ünsiyyətdə olduğu məşhur dünya musiqiçilərinin Alim Qasımov və Azərbaycan muğamı haqqında söylədiklərini qonaqların diqqətinə çatdırmışdır.
Görüşdə “Ziyalı ünsiyyəti” klubunun üzvləri və digər qonaqlar Alim və Fərqanə Qasımovlara hörmət və sevgilərini bildirmiş, Azərbaycan muğamının dünya miqyasında təbliğində onlara daha böyük uğurlar arzulamışlar.
Axırda Solmaz Əmirli görüş iştirakçılarına ənənə üzrə “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin xatirə diplomlarını və hədiyələrini təqdim etmişdir.