CƏMİYYƏT
Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu ilə Penitensiar xidməti arasında əməkdaşlıq çərçivəsində növbəti tədbirlər keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniyanın Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdə Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, İRZ ilə əməkdaşlıq çərçivəsində Penitensiar xidmətin əməkdaşları üçün “Cəzaçəkmə müəssisələrinin idarə edilməsində Almaniya təcrübəsi” mövzusunda təlim seminar keçirilmişdir.
Penitensiar xidmətin 6 və 9 saylı cəzaçəkmə müəssisələrində təşkil olunmuş tədbir Almaniyanın Bruxzal şəhərinin cəzaçəkmə müəssisəsinin rəhbəri Tomas Müller və Nordrayn-Vestfallen vilayətinin penitensiar xidmətinin keçmiş vitse prezidenti Linhard Dreger seminarında iştirak etmişlər.
Seminarda Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, tərbiyə işinin təşkili idarəsinin rəisi ədliyyə polkovniki Azər Seyidov, İRZ təşkilatının Azərbaycan bölməsinin rəhbəri Tereza Talhammer, fondun Azərbaycan nümayəndəliyinin əməkdaşı Rəşad Hüseynli və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər.
Seminarlarda “Kriminogen amillər”, “Reabilitasiya imkanları və onun şərtləri-vaxtından əvvəl azad edilməyə dair əlverişli proqnozun hazırlanması”, “Məhkumların gündəlik fəaliyyəti və asudə vaxtlı: məhkumların işi - ərazilər - imkanlar” mövzularında müzakirələr aparılmış, qruplarda iş təşkil olunmuşdur.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev noyabrın 28-də Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun nümayəndələri ilə görüşmüşdür.
M. Quliyev penitensiar xidmətin fəaliyyəti, son dövrlərdə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat vermişdir.
M.Quliyev Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdə İRZ-in iştirakını yüksək qiymətləndirmiş, son illərdə bu layihələrin penitensiar sahəni də əhatə etdiyini xüsusi vurğulamışdır.
İRZ-in Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer, ekspertlər - Tomas Müller və Linhard Dreger səfərlərinin əsas məqsədləri haqqında məlumat vermişlər. Keçirilmiş təlim seminarları üzrə yekun müzakirələr aparılmış, ekspertlər təlimin gedişindən və hər iki cəzaçəkmə müəssisəsi əməkdaşlarının problemlərə yanaşma tərzindən və hazırlıq səviyyələrindən məmnun qaldıqlarını bildirmişlər.
Qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi qeyd olunmuşdur.