DÜNYA
ALMANİYA BUNDESTAQI ƏFQANISTANDAKI ALMAN SÜLHMƏRAMLILARININ MANDATINI DAHA 14 AY UZATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Alman Bundestaqı oktyabrın 16-da keçirilmiş iclasında BMT-nin mandatı altında NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Əfqanıstanda sülhyaratma fəaliyyəti göstərən İSAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) hərbi kontingenti tərkibindəki alman sülhməramlılarının mandatını daha 14 ay uzadılması barədə qərar qəbul etmişdir.
Bundestaqın 570 üzvündən 442-si alman hərbi kontingentinin Əfqanıstanın şimal bölgələrində və paytaxt Kabulda missiyasının davam etdirilməsinin lehinə səs vermişdir. Eyni zamanda Əfqanıstandakı Bundesver hərbçilərinin sayı 3500 nəfərdən 4500 nəfərədək artırılmışdır.
Əfqanıstanın şimal bölgələrində yerləşdirilmiş Bundesver hərbi kontingentinin əsas vəzifəsi Əfqanıstan hökumətinə təhlükəsizliyin qorunub saxlanmasında yardım göstərilməsi, İSAF tərkibində Əfqanıstanın yenidən qurulması və sabitliyin bərpa edilməsində BMT və digər beynəlxalq təşkilatların fəaliyyətinin təhlükəsizliyini təmin edilməsi, yaralıların hava yolu ilə daşınması, təhlükəsizlik sektorunda aparılan islahatlarda iştirak, eləcə də yaraqlıların tərksilah edilməsindən ibarətdir.
Qeyd edək ki, NATO-nun mandatı altında Əfqanıstanda fəaliyyət göstərən İSAF tərkibində 40 ölkənin 35 mindən artıq sülhməramlısı xidmət edir.