DÜNYA
Almaniya tənzimləyicisi “Şimal axını”nın bağlanması üçün texniki səbəb görmür
Bakı, 31 avqust, AZƏRTAC
Almaniyanın federal şəbəkə agentliyi “Şimal axını” qaz kəmərinin bağlanması üçün texniki səbəblər görmür.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə agentliyin çərşənbə günü yayılan məlumatında deyilir.
“Şimal axını” ilə qaz nəqli güman olunan təmir səbəbindən Rusiya tərəfindən bağlanıb. Müvafiq olaraq, qaz axını sıfıra bərabərdir. Çatışmayan həcmlər axınların yenidən bölüşdürülməsi ilə kompensasiya edilmir. Rusiya tərəfinin bəyan etdiyi növbəti təmirə tələbat federal şəbəkə agentliyi üçün texniki nöqteyi-nəzərdən aydın deyil”, - deyə tənzimləyicinin məlumatında bildirilir.
Almaniyada anbarların doluluq səviyyəsi hazırda 83,65 faizdir.
Rusiyanın “Qazprom” şirkəti avqustun 31-də “Şimal axını” qaz kəməri ilə tədarükün tam dayandırıldığını və işlək vəziyyətdə olan yeganə nasos qurğusunun təmirinə başlandığını bəyan edib. Kəmər üzrə fiziki axın Almaniyanın Qrayfsvald qəbul nöqtəsində Bakı vaxtı ilə saat 05:00-da tam dayanıb.
“Qazprom” bundan əvvəl elan etmişdi ki, “Şimal axını”na qaz vurulması avqustun 31-dən sentyabrın 3-dək dayandırılacaq. Təmir başa çatdıqdan sonra texniki nasazlıq olmadığı təqdirdə qaz nəqli sutkada 33 milyon kubmetrədək səviyyədə bərpa ediləcək.