DÜNYA
Almaniya və Fransa resessiya həddindədirlər
Bakı, 19 fevral (AZƏRTAC). Almaniya iqtisadiyyatı 2012-ci ilin son üç ayı ərzində 0,6 faiz azalmışdır ki, bu da 2009-cu ilin dünya maliyyə böhranından sonra ölkədə ən pis göstəricidir.
Əsas təqsirkarın məhz iqtisadiyyatın hərəkətverici qüvvəsi sayılan ixracatın olması faktı Berlində narahatlıq doğurur. Fransanın vəziyyəti nisbətən yaxşıdır, amma onun iqtisadiyyatı da keçən ilin sonuna 0,3 faiz azalmışdır ki, bu da onu müsbət proqnozlardan uzaqlaşdırır.
Əgər Almaniya və Fransa iqtisadiyyatları üçüncü rübdə də azalsa, onlar da rəsmən resessiyaya yuvarlanmış hesab olunacaqlar. Böyük Britaniyanı da belə perspektiv gözləyir: 2012-ci ilin sonunda onun iqtisadiyyatı 0,3 faiz azalmışdır. Resessiya mənfi dinamikanın dalbadal iki rüb müşahidə edilməsi deməkdir.
Xatırladırıq ki, keçən ilin son üç ayı ərzində regionda iqtisadiyyatın 0,6 faiz azalması qeydə alındıqdan sonra Avrozonanın (rəsmi valyutası avro olan valyuta ittifaqının) birdən-birə 17 üzvü resessiyaya düşmüşdür. 2012-ci ilin üçüncü rübündə 0,1 faiz, ikinci rübündə isə 0,2 faiz azalma müşahidə edilmişdir.
Ekspertlərin dediklərinə görə, son rəqəmlər Avropanın ürəyində inkişafın dayandığını göstərir. Lakin bunu etiraf edərkən unutmayaq ki, zülmət fonunda Almaniya əvvəlki kimi yenə də yaxşı görünür. İnflyasiyanın səviyyəsi və əmək bazarının vəziyyəti durğunluqdan çıxmaq və inkişaf yoluna qayıtmaq üçün hər cür lazımi şərait olduğunu göstərir.