İDMAN
Almaniya yığması hücumçusunun butsları iki milyon avroya alınıb
Bakı, 6 dekabr, AZƏRTAC
AZƏRTAC Almaniyanın “Bild” adlı nəşrinə istinadən xəbər verir ki, Braziliyada keçirilmiş Dünya çempionatının final oyununda Almaniya yığmasının hücumçusu Mario Getsenin Argentina komandasının qapısından qələbə topunu keçirərkən geymiş olduğu futbol butsları iki milyon avroya alınıb.
Keçən həftə Getse butslarını bir növ hərraca qoyub: elan edilib ki, onun sahibi ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək göstərən “Ein Herz für Kinder” xeyriyyə fondunun keçirdiyi xüsusi tədbir çərçivəsində xeyriyyəçiliyə ən yüksək məbləğdə ianə verən şəxs olacaq.
Getse hərracların yekunlarını belə şərh edib: “Bu, ağlasığmazdır. Heç yuxuma da gəlməzdi. İki milyon – bu, çox böyük məbləğdir”.
Dünya birinciliyinin həlledici oyununda Getse 88-ci dəqiqədə meydana çıxsa da, verilmiş əlavə vaxtda (113-cü dəqiqədə) cənubi amerikalıların qapısını fəth edə bildi.
Alman telekanallarından birinin efirində keçiriləcək şouda dünyanın ən bahalı butslarını alan şəxsin onunla nə etmək fikrində olduğu aydınlaşacaq.