SİYASƏT
Almaniyada “Dağlıq Qarabağ münaqişəsi və ədalət” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
Frankfurt-Mayn, 29 noyabr (AZƏRTAC). Almaniyanın Arnoldshayn Yevangeliya Akademiyasında “Dağlıq Qarabağ ətrafında sülhə nail olma prosesi: münaqişənin nizama salınmasında ədalət məsələsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tanınmış siyasətçilər və ekspertlərin iştirak etdikləri konfrans Frankfurt Sülh Araşdırmaları İnstitutunun dəstəyi, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) sponsorluğu ilə gənc azərbaycanlı alim, siyasi elmlər doktoru Azər Babayev tərəfindən təşkil olunmuşdur. Dörd gün davam edən konfransda Azərbaycanı Milli Məclisin deputatı Rasim Musabəyov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov təmsil etmişlər.
Siyasi və elmi diskussiyalarda indiyədək kifayət qədər işıqlandırılmamış məsələ - Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin rolu məsələsi konfransın əsas mövzusunu təşkil etmişdir.
Konfrans Dağlıq Qarabağ münaqişəsi barədə alman və Avstriya mütəxəssislərinin giriş məruzələri ilə başlamışdır. Həmçinin Humboldt Universitetinin Azərbaycan tarixi üzrə professoru Eva-Maria Auxun Dağlıq Qarabağ münaqişəsinin genezisi və xarakterinə dair və Höttingen Universitetinin professoru Peter V.Şultsenin beynəlxalq güclərin münaqişə ilə bağlı maraq və mövqelərinə dair məruzələri dinlənilmişdir. Daha sonra Ermənistan və Azərbaycanın nümayəndələri çıxış etmişlər. Azərbaycanlı ekspertlər Fərhad Məmmədov və Əvəz Həsənov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalət nöqteyi-nəzərindən baxışını təqdim etmişlər.
Sonra hər iki ölkənin parlament nümayəndələrinin iştirakı ilə diskussiya paneli keçirilmişdir. Milli Məclisin deputatı Rasim Musabəyov münaqişənin sülh yolu ilə nizamlanmasına dair Azərbaycanın təkliflər modelini tədbir iştirakçılarına şərh etmişdir.
Konfransın növbəti iş günü Almaniya və Rusiya mütəxəssislərinin münaqişəyə regional və beynəlxalq təsir amilləri haqqında məruzə və diskussiyaları ilə davam etmişdir. Sonra Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin rəisi xanım Kristina Vayl, Almaniyanın Azərbaycandakı keçmiş səfiri Per Kristofer Stançina, habelə Moskva Dövlət Universiteti tarix fakültəsinin dekan müavini Aleksey Vlasov və tədbirin təşkilatçısı, Frankfurt Sülh Araşdırmaları İnstitutunun əməkdaşı Azər Babayev məruzələrlə çıxış etmişlər.
Konfransın yekununda Mannhaym Universitetinin professoru Egbert Jahn beynəlxalq güclərin münaqişənin dinc və ədalətli həlli imkanlarına ətraflı nəzər salmışdır.
Sinxron tərcümə ilə rus və alman dillərində baş tutmuş bu konfrans ilk dəfə olaraq münaqişəyə cəlb olunmuş ölkələrin elm və siyasət mütəxəssislərinin Almaniyada akademik bir çərçivədə görüşməsinə imkan vermiş və beləliklə, beynəlxalq və regional dialoq üçün mühüm platforma yaratmışdır. Təşkilatçılar bu formatın davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Frankfurt-Mayn