SİYASƏT
Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi diaspor təşkilatı kimi Berlin əyalətinin Məsləhətçi Şurasının ictimai siyahısına qəbul edilmişdir
Berlin, 6 dekabr (AZƏRTAC). Dekabrın 5-də Berlin-Brandenburq İnteqrasiya və Miqrasiya məsələləri ilə bağlı Məsləhətçi Şuraya seçkilər keçirilmişdir. Seçkilərdə seçmək hüququ qazanmış Miqrasiya Şurasının üzvlərindən ibarət cəmiyyətlər və Berlin əyalətində sonrakı legislatura dövrü üçün (2011-2016-cı illər) Məsləhətçi Şuraya öz namizədliyini irəli sürmüş şəxslər iştirak etmişlər.
Məsləhətçi Şuraya təqdim olunan namizədlər yeddi ölkə qrupuna bölünmüşlər: Alman mənşəli mühacirlər, Avropa İttifaqı, Avropa İttifaqının üzvü olmayan ölkələr, Uzaq Şərq-Afrika-Amerika-Avstraliya, Yaxın və Mərkəzi Şərq-Pakistan-Hindistan, Türkiyə, Regionsuz.
Seçkilər gizli səsvermə yolu ilə keçirilmişdir.
Senatın 2010-cu ilin dekabrında qəbul etdiyi Əlaqə və İnteqrasiya Qanununa əsasən Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi (AAƏM) bu il diaspor təşkilatı kimi Berlin əyalətinin Məsləhətçi Şurasının ictimai siyahısına qəbul edilmişdir. Bununla da AAƏM Almaniyada mühacirətdə yaşayan əcnəbilərin təmsilçisi kimi Məsləhətçi Şuranın seçkilərində iştirak etmək hüququ qazanmışdır.
Regionsuz qrupda Berlində yaşayan həmyerlimiz Cəlili Maku Həbib öz namizədliyini irəli sürmüş və gizli səsvermə nəticəsində Məsləhətçi Şuraya üzv seçilmişdir. Bu qrupda səkkiz namizəddən seçkilər nəticəsində həmyerlimiz üçüncü yerə çıxmışdır. Xatırladırıq ki, hər qrupa dörd üzv seçilmək haqqı verilmişdir.
AAƏM-in icraçı direktoru Samira Patzer-İsmailova mərkəzin adından gizli səsvermədə iştirak etmişdir.
Sevindirici haldır ki, Berlin-Brandenburq İnteqrasiya və Miqrasiya məsələləri ilə bağlı Məsləhətçi Şuraya ilk dəfə olaraq Azərbaycan mənşəli üzv seçilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin