MƏDƏNİYYƏT
Almaniyalı qonaqlar Azərbaycan ilə yaxından tanış olurlar
Bakı, 10 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor-doktor xanım Eva-Maria Auxun rəhbərliyi ilə kafedranın bir qrup müəllim və tələbə heyəti Azərbaycana gəlmişdir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, artıq qonaqlar səfər çərçivəsində Qəbələ, Göy-Göl, Şəki və Gəncə şəhərlərində olmuşlar. Qonaqlara Azərbaycanın tarixi keçmişi haqqında ətraflı məlumat verilmişdir. Almaniyalı müəllim və tələbələr bu ərazilərdəki qədim mədəniyyət abidələri ilə tanış olmaq imkanı qazanmışlar.
Həmçinin qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğunda və Qala qəsəbəsində yerləşən Arxeoloji-Etnoqrafiya Muzey Kompleksində olmuşlar.
Oktyabrın 13-dək davam edəcək səfərin sonunda qonaqlar elmi araşdırmalar və qeydləri barədə müzakirələr aparacaqlar.
Gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə reallaşan səfərin əsas məqsədi Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasında təhsil alan almaniyalı tələbələri Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda, onların müxtəlif mövzular üzrə fərdi araşdırmalar aparmalarına şərait yaratmaqdır.