İQTİSADİYYAT
Almaniyanın “EMS-Fehn-Group”u TAP üzrə fəaliyyətə başlayıb
Bakı, 20 aprel, Nihad Budaqov, AZƏRTAC
Almaniyanın “EMS-Fehn-Group”una üzv bir neçə şirkətin ekspertləri “Trans-Adriatik” (TAP) qaz boru kəməri üzrə fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “EMS-Fehn-Group”un saytında məlumat verilir.
Müxtəlif ölkələrdəki ofisləri ilə 19 şirkətdən ibarət olan “EMS-Fehn-Group” TAP layihəsinin icrası müddətində 130 min ton borunu Almaniyanın Brake şəhərindəki boru saxlama anbarından Albaniyanın Durres limanına daşıyacaq.
Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın təməli mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulacaq. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).