QAN YADDAŞI
Almatıdakı “turkelpress.com” və “vatanpress.com” internet resurslarında azərbaycanlıların soyqırımı və deportasiyası ilə əlaqədar geniş məqalə dərc edilmişdir
Almatı, 31 mart (AZƏRTAC). Almatıdakı “turkelpress.com” və “vatanpress.com” internet resurslarında azərbaycanlıların soyqırımı və deportasiyası ilə əlaqədar Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin rus dilində geniş məqaləsi yerləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, yazının əvvəlində 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması və bundan sonra hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunması oxucuların diqqətinə çatdırılır. Qeyd edilir ki, məhz həmin sənədin imzalanmasından sonra bu sahədə köklü işlər görülmüş, Azərbaycan, rus, ingilis dillərində onlarca kitab nəşr olunmuşdur. Bu sahədə işlər hazırda daha geniş miqyasda davam etdirilir.
Məqalədə ötən əsrin əvvəllərində İrəvanda, Naxçıvanda, Qarabağda və digər bölgələrdə baş vermiş hadisələr, 1905-1907-ci illərin qanlı hadisələri, 1918-1920-ci illərdə həyata keçirilmiş soyqırımlar, Quba qəzasındakı qətliam, 1948-1953-cü illərin deportasiyası, Xocalı faciəsi haqqında məlumat verilir. Qeyd olunur ki, erməni daşnakları 1905-1907-ci illərdə Bakıda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Ordubadda, Qazaxda və digər ərazilərimizdə azərbaycanlılara qarşı kütləvi qırğınlar və talanlar törətmiş, on minlərlə günahsız insanı doğma yurd-yuvalarından didərgin salmışlar.