İDMAN
“Alpine F1” komandasının icraçı direktoru: Biz görmüşdük ki, Bakıda keçirilən yürüşlər hadisələrlə zəngin ola bilər
Bakı, 1 iyun, AZƏRTAC
Monakoda komandamız heç də yaxşı çıxış etməyib, buna görə də indi Bakıda keçiriləcək yürüşlərə maksimum yaxşı hazırlaşmaq və buraxılan səhvləri nəzərə almaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu “Alpine F1” komandasının icraçı direktoru Martsin Budokovski müsahibəsində etiraf edib.
-Monako mərhələsindən sonra komandanın əhval-ruhiyyəsi barədə nə demək olar?
-Portuqaliya və İspaniyada ümidverici nəticələrdən sonra bizim irəliləyişimiz dayandı. Bütövlükdə çıxışımız ürəyimizcə olmadı və komandada bunu gizlətmirlər. Doğrudur, xal qazana bildik, ancaq əsas rəqiblərimizlə müqayisədə göstərdiyimiz nəticələrdən narazıyıq.
Baş verənlərdən nəticə çıxarmalıyıq və bu, bizə lazım olacaq. Bakıda bizi daha bir şəhər trası gözləyir. Bu yürüşlərdə istifadə ediləcək şinlər Monako mərhələsində istifadə edilən şinlərlə eyni tərkibdə olacaq.
-Komanda Bakı mərhələsinə necə hazırlaşır?
-Bakı - şəhər halqasıdır. Lakin Monakodakına nisbətən xeyli az sıxıcı qüvvə tələb olunur. Çünki orada uzun məsafəli düz yol və sürətli seksiyalar mövcuddur. Modernləşmə planına uyğun olaraq, biz Bakıya bir neçə yeniliklərlə gedəcəyik. Ona görə də hazırda Enstoundakı bazada çalışan hər kəs üçün gərgin dövrdür, hər iş vaxtında görülməlidir.
Biz paralel olaraq ətraflı təhlil apardıq və simulyatorda işlədik ki, Monakoda bizə mane olan problemləri Bakı yürüşündən əvvəl daha yaxşı araşdıraq və onların bir daha baş verməməsini təmin edək.
Bundan əvvəl gördük ki, Bakıda yürüşlər hadisələrlə zəngin ola bilər. Əsas odur ki, biz hər uik-enddə maksimum nəticəyə nail olaq. Məqsədimiz bacardığımız dərəcədə liderlərə yaxın olmaqdır.