ELM VƏ TƏHSİL
AMEA Botanika İnstitutunun beynəlxalq layihədə iştirakının nəticələri uğurlu olmuşdur
Bakı, 5 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun nümayəndə heyəti Qafqaz ölkələrinin aparıcı botanika təşkilatları, Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyinin (BBBM) və Volksvagen Fondunun nümayəndələrinin iştirakı ilə Almaniyanın Berlin şəhərində keçirilən işçi toplantıda iştirak etmişdir.
İnstitutun elmi informasiya və innovasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, toplantıda 2011-2014-cü illərdə Volksvagen Fondunun dəstəyi əsasında BBBM ilə müştərək həyata keçirilən müvafiq layihənin nəticələri, aparılan elmi-tədqiqat və təşkilati işlər, əldə edilən nəticələr müzakirə olunmuşdur.
AMEA Botanika İnstitutunun layihə müddətində əldə etdiyi nailiyyətlər bu elm müəssisəsinin direktoru, biologiya elmləri doktoru, professor Validə Əlizadə və elmi informasiya və innovasiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva tərəfindən məruzə edilmişdir. Qeyd olunmuşdur ki, layihə çərçivəsində Botanika İnstitutunun zəngin Herbari Fondunun infrastrukturu yenilənmiş, qiymətli kolleksiyası üzrə məlumat bazası yaradılmış və onlayn istifadəsi üçün virtual şəbəkəyə qoşulmuş, yüksək dağ ərazilərində çöl təcrübələrinin aparılması üçün instituta nəqliyyat vasitəsi verilmişdir. Gənc mütəxəssislər botanikanın müasir sahələri üzrə Almaniyada magistr və doktorluq pillələri üzrə təhsil alırlar.
Volksvagen Fondunun nümayəndəsi Azərbaycan tərəfinin layihə çərçivəsində əldə etdiyi uğurları xüsusi qeyd edərək onların əsasında digər fondların maliyyə dəstəyinin cəlb edilməsini və elmin inkişafına təkan verilməsini yüksək qiymətləndirmişdir.
Aparılan müvafiq müzakirələrdə AMEA Botanika İnstitutunun ali bitkilərin sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov Azərbaycanın bəzi nadir bitki növlərinin müasir səviyyədə tədqiq olunmasını təklif etmişdir.