ELM VƏ TƏHSİL
AMEA-da fövqəladə hallar zamanı həyata keçirilən tədbirlərə dair seminar-məşğələ
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbirdə şöbənin rəisi Eldar Quliyev gündəlikdəki məsələlər barədə məlumat verib.
Eldar Quliyev mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin “Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu”, Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə” 1998-ci il 25 sentyabr tarixli Qərarı və Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri əsasında təşkil olunduğunu diqqətə çatdırıb. O, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı mütəmadi məlumatlandırıldığını söyləyib. Bildirib ki, fərdi və kollektiv müdafiə vasitələrindən istifadəni bilmək, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını öyrənmək, ekstremal hallar zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək və ilkin tibbi yardımın göstərilməsi qaydalarını mənimsəmək və onu tətbiq etməyi bacarmaq lazımdır.
Eldar Quliyev müəssisələrdəki fərdi mühafizə vasitələrinin yeniləri ilə əvəz olunması məsələsinə də toxunaraq, bu barədə akademiya rəhbərliyinə müraciət edildiyini bildirib.
Daha sonra cari ilin iyulunda keçirilmiş rəhbər heyətin mülki müdafiə məşqləri, MM qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri barədə qərargah rəislərinin məlumatları dinlənilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.