REGİONLAR
AMEA Naxçıvan Bölməsinin doqquz ay ərzində elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayında AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 17 monoqrafiyası, 8 kitabı, 2 metodik vəsaiti, 417 elmi məqaləsi, 156 konfrans materialı və 1 tezis olmaqla, 602 elmi əsəri nəşr edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar AMEA Naxçıvan Bölməsində cari ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbirində səsləndirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi müəssisələrdə müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb. O, bölmə institutlarında bir sıra nailiyyətlərin əldə olunduğunu bildirib.
Daha sonra bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov cari ilin doqquz ayında aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdırıb.
Bildirilib ki, bu dövrdə bölmənin “Elmi əsərlər” jurnalının üç, “Axtarışlar” jurnalının isə iki nömrəsi çapdan çıxıb. Bundan əlavə, bölmədə “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu və “Naxçıvan Duzdağı” kitabları nəşr olunub, “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr toplusu isə çapa təqdim edilib. Bölmədə yerinə yetirilən iki respublika səviyyəli qrant layihəsinə yekun vurulub, ikisi beynəlxalq, biri respublika səviyyəli olmaqla, 3 qrant layihəsinin icrası isə davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci il 29 oktyabr tarixli Sərəncamına əsasən bölmədə “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın keçirildiyini deyən Orxan Bağırov qeyd edib ki, bu dövrdə Türkiyə, İran, Rusiya, Gürcüstan, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlıq edilib. Türkiyənin İqdır Universiteti ilə əməkdaşlığa dair memorandum imzalanıb. Eyni zamanda, bölmənin 55 əməkdaşı respublikada və xaricdə keçirilən 23 beynəlxalq simpozium, konfrans və tədbirlərdə məruzələrlə çıxış edib.
Bildirilib ki, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülüb. Həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. O, “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat komitəsinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü seçilib.
Məruzədə bölmənin digər əməkdaşlarının da elmi uğurlarından bəhs olunub.
Sonra çıxışlar dinlənilib.