ELM VƏ TƏHSİL
AMEA-nın Dendrologiya İnstitutunda Sergey Yeseninin anadan olmasının 124-cü ildönümü qeyd edilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də AMEA-nın Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 124-cü ildönümünə həsr edilmiş ədəbi-musiqili tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, Sergey Yesenin adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər.
Muzeyin elmi işçisi Ceyran Qənbərli tədbirin ənənəvi hal aldığını və 1972-ci ildən etibarən S.Yeseninin yaradıcılığının burada qeyd olunduğunu söyləyib. Bildirilib ki, 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının iştirakı ilə Mərdəkanda Sergey Yeseninin ev-muzeyi açılıb. O, muzeyin zəngin eksponatlara malik olduğunu, burada qorunan əşyaların ədibin Moskva, Sankt-Peterburq və Bakıda yaşadığı dövrləri əhatə etdiyini söyləyib. C.Qənbərli Rusiyanın ölkəmizdəki sabiq səfiri Vladimir Doroxin tərəfindən şairin əlyazmalarının muzeyə hədiyyə olunduğunu qeyd edib. 2008-ci ildə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə ev-muzeyin Sergey Yeseninin adını daşıyan Rus-Azərbaycan Ədəbi Əlaqələri Mərkəzinə çevrildiyini deyən C.Qənbərli mərkəz tərəfindən məktəb və universitetlərdə şairin poetik irsinin təbliğatının aparıldığını bildirib. O, mərkəzin iki ölkə arasında elmi, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Viktor Korobov, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova, Rusiya Yazıçıları İttifaqının üzvü Eldar Əhədov və başqaları çıxış edərək tədbiri yüksək qiymətləndirib, S.Yeseninin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Sonda məktəblilər şairin əsərlərindən nümunələr səsləndiriblər.