ELM VƏ TƏHSİL
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə Türkiyənin Süleyman Dəmirəl Universitetinin texniki və humanitar elmlər fakültəsi arasında əməkdaşlıq genişlənəcəkdir
Bakı, 29 mart (AZƏRTAC). Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Türkiyənin Süleyman Dəmirəl Universitetinin texniki və humanitar elmlər fakültəsinin sosiologiya kafedrasının müəllimləri Bülent Şen və Ayşe Alicanın iştirakı ilə “Qloballaşma kontekstində meqapolis problemləri: İstanbul nümunəsində miqrasiya, yoxsulluq və seqreqasiya (fərqli məkanlar)” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, institutun direktoru, professor İlham Məmmədzadə müasir dünyada meqapolis şəhərlərin yaranmasının sosioloji-psixoloji və hüquqi aspektlərinin ciddi şəkildə tədqiq olunduğunu bildirmişdir. O, belə şəhərlərdən biri olan İstanbulda bu sahədə elmi-tədqiqatlar aparmış türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilən “dəyirmi masa”nın mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir.
Tədbirdə B.Şenin “Türkiyədə qloballaşma müzakirələri və nəticələri” mövzusunda doktorluq dissertasiyası və A.Alicanın gender probleminə həsr olunmuş “Dövlət qulluqçularının mənsub olduqları həmkarlar ittifaqlarında rəhbər vəzifələrdə çalışan qadınlar” mövzusunda tədqiqat işi ətrafında fikir mübadiləsi aparılmışdır.
B.Şen qloballaşma, miqrasiya, şəhər sosiologiyası, A.Alican isə gender problemləri, ailə və şəhər sosiologiyası mövzuları üzrə fikirlərini bölüşmüşlər.
İnstitutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva multikulturalizm kontekstində meqapolis şəhərlərini modernizm-postmodernizm aspektindən təhlil etmişdir.
Sonda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə Süleyman Dəmirəl Universiteti texniki və humanitar elmlər fakültəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi qərara alınmışdır.