SİYASƏT
AMEA-NIN FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ HÜQUQ İNSTİTUTUNDA “PREZİDENT İLHAM ƏLİYEVİN MODERNLƏŞMƏ XƏTTİ VƏ FƏLSƏFƏNİN, SOSİOLOGİYANIN, HÜQUQUN ƏSAS PRİORİTETLƏRİ” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Bakı, 7 yanvar (AZƏRTAC). Yanvarın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Prezident İlham Əliyevin modernləşmə xətti və fəlsəfənin, sosiologiyanın, hüququn əsas prioritetləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
İnstitutun direktoru, professor İlham Məmmədzadə bildirmişdir ki, ötən il noyabrın 21-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə respublikada ictimai və humanitar elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilmiş, dekabrın 8-də isə Prezident Administrasiyası rəhbərinin məsələ ilə bağlı “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi dövri mətbuatda nəşr olunmuşdur.
İ.Məmmədzadə vurğulamışdır ki, son beş ildə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-mədəni modernləşmə xətti ictimai elmlərdən böyük fəallıq tələb edir. Yeni şəraitdə elmin inkişafı üçün əlverişli mühit yaradılmalı, beynəlxalq konfranslar keçirilməli, işgüzarlıq artırılmalı, yüksək səviyyəli elmi jurnallar nəşr olunmalıdır. Azərbaycan milli elmi dünya elm məkanında öz səviyyəsinə uyğun yerini tapmalıdır. Direktor qeyd etmişdir ki, dünya elminə inteqrasiya milli elmin inkişafına təkan verəcəkdir və biz sosial-mədəni modernləşmə xəttində fəal iştirak edə biləcəyik.
Həm müşavirənin, həm də məqalənin müasir Azərbaycanda ictimai və humanitar elmlərin inkişafı baxımından əhəmiyyətini vurğulayan “dəyirmi masa” iştirakçıları bildirmişlər ki, Azərbaycan son illər dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir və respublikamızın iqtisadi yüksəlişi, keçid mərhələsinin başa çatması respublikamızın qarşısında yeni hədəflər müəyyənləşdirmişdir. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar ölkədə təhsilin, elmin inkişafı üçün əlverişli şərait yaratmaqla yanaşı, humanitar və ictimai elmlər qarşısında da mühüm vəzifələr qoymuşdur. Prezident Administrasiyasının rəhbəri, görkəmli filosof alim R.Mehdiyev həm müşavirədə, həm də məqalədə Azərbaycanda elm sahəsində bu gün yaranmış vəziyyəti mükəmməl təhlil etmişdir.
Məqalədə qaldırılmış məsələlərlə bağlı fikirlərini bölüşən “dəyirmi masa” iştirakçıları humanitar və ictimai elmlər sahəsində burada göstərilmiş tənqidi fikirlərin obyektivliyini vurğulamış, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı rəy və təkliflərini bildirmişlər.