ELM VƏ TƏHSİL
AMEA–nın Fiziologiya İnstitutu əməkdaşlarının son beş ildə nəşr olunmuş elmi əsərlərinin biblioqrafiyası çapdan çıxmışdır
Bakı, 28 yanvar (AZƏRTAC). “Azərbaycan Milli Elmlər Akademiyasının Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşlarının son 5 ildə ( 2008-2012-ci illər) elmi əsərlərinin biblioqrafiyası” çapdan çıxmışdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, “Elm” nəşriyyatında çap olunmuş 130 səhifəlik kitabın məsul redaktoru biologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Telman Ağayev, redaktorları institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, bilogiya üzrə fəlsəfə doktoru Zemfira Cəfərova, elmi-texniki informasiya, tətbiqi və patent lisenziya işləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Gilas Qurbanova və həmin şöbənin baş patenti Barat İsmayılovadır.
Biblioqrafiyada Fiziologiya İnstitutunda 2008-2012-ci illərdə icra edilmiş elmi-tədqiqat işlərinin nəticələrinə dair yerli və xarici jurnallarda çap edilmiş məqalələrin xronoloji ardıcıllıqla siyahısı verilmişdir. Məqalələr canlıların həyat fəaliyyətinin fizioloji, biokimyəvi və fiziki-kimyəvi aspektlərinə dair institut tərəfindən aparılmış araşdırmaların nəticələrini əks etdirir. Biblioqrafik məcmuədə elmi məqalələr arasında dünyanın aparıcı və nüfuzlu jurnallarında, mötəbər elmi simpozium, konfrans və qurultayların materiallarında çap edilmiş əsərlər yer almışdır.
Məcmuə elmi müəssisələrdə, ali məktəblərdə müəllim, tələbə, gənc tədqiqatçılar üçün geniş məlumat və material mənbəyi kimi istifadə edilə bilər.