ELM VƏ TƏHSİL
AMEA-nın İqtisadiyyat İnstitutu Elmi Şurasının geniş iclası keçirilmişdir
Bakı, 5 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutu Elmi Şurasının geniş iclası olmuşdur.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, bu elm müəssisəsinin direktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilmiş iclasda əvvəlcə gündəlikdəki məsələlər barəsində məlumat verilmişdir.
N.İmanov AMEA İqtisadiyyat İnstitutunda indiyədək görülən işləri dəyərləndirmiş, qarşıdakı fəaliyyətin əsas istiqamətlərini açıqlamışdır.
İclasda gündəlikdə duran məsələlərlə bağlı çıxışlar dinlənilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Elmi Şuranın yeni tərkibi müəyyənləşdirilərək şura üzvləri tərəfindən qəbul edilmişdir.
Daha sonra N.İmanovun “Azərbaycan iqtisadiyyatının struktur prioritetləri haqqında” mövzusunda məruzəsi dinlənilmişdir. Alim iqtisadiyyatımızın prioritet hesab edilən sahələrini müqayisəli üstünlüklər baxımından dəyərləndirərək bildirmişdir ki, əslində müqayisəli üstünlüyə malik olan sahələr prioritet hesab olunur. Əsas məsələ isə, həmin sahələrin düzgün müəyyən edilməsi və seçilməsidir.
Akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, Ağasəlim Ələsgərov, Akif Musayev, Əli Nuriyev və başqaları məruzə ilə bağlı fikirlərini bildirmişlər.
Elmi Şuranın növbəti iclaslarında iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş elmi məruzələrin dinlənilməsi qərara alınmışdır.