ELM VƏ TƏHSİL
AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə
Bakı, 22 iyun, AZƏRTAC
2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmuş bakalavrlar qeydiyyatdan keçməlidirlər.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyunun 27-dən iyulun 10-na qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti - 2 nüsxə;
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkimedilmə haqqında vəsiqənin surəti - 2 nüsxə;
- 3x4 ölçüdə rəngli fotoşəkil - 4 ədəd;
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti - 2 nüsxə;
- Təhsil haqqından azad olmaq hüququna malik olanlar üçün müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.