QAN YADDAŞI
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sərgi açılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasından, kütləvi terror nəticəsində yüzlərlə insanın qətlə yetirilməsi və yaralanmasından, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətindən danışmışdır.
Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qırğın nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmiş, həmin müdhiş gecədə həlak olan Vətən oğulları parlaq tariximizə qəhrəmanlıq səhifələri yazmış, dövlətin müstəqilliyi üçün yol açmışlar. Sovet rejiminin hərb maşınının Azərbaycan xalqına qarşı keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar. Sərgidə Azərbaycan, rus, Qərbi Avropa, Şərq dillərində faciəni əks etdirən 200-dən artıq ədəbiyyat, sənədlər, fotoşəkillər, videomateriallar, virtual görüntülər nümayiş etdirilir.
Sərgi 15 gün davam edəcəkdir.