ELM VƏ TƏHSİL
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun beynəlxalq əlaqələri genişlənir
Bakı, 19 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ilə Rusiya Elmlər Akademiyasının (REA) Linqvistik Araşdırmalar İnstitutu arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində razılıq əldə olunmuşdur.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Hacıyev və REA-nın Linqvistik Araşdırmalar İnstitutunun direktoru, akademik Nikolay Kazanski əməkdaşlığa dair müqavilə imzalamışlar.
Müqavilədə linqvistik araşdırmalar sahəsində birgə tədqiqatlar, kadr hazırlığı sahəsində müştərək işlər, birlikdə konfrans, seminar, ekspedisiya və digər tədbirlərin təşkili, məlumat və elmi texnologiya sahəsində mübadilə məsələləri öz əksini tapmışdır.
Beş il müddətinə imzalanmış müqavilədə tərəflərin məlumat bazası, kitabxana, arxiv və fondlardan istifadə üçün şəraitin təmin olunması da nəzərdə tutulmuşdur.