ELM VƏ TƏHSİL
AMEA Rəyasət Heyətində Gənc Alimlər şuralarının sədrləri ilə görüş olmuşdur
Bakı, 14 mart (AZƏRTAC). Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Gənc Alimlər şuralarının sədrləri ilə görüş olmuşdur.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə görüşdə ölkəmizdə elmin inkişafı üzrə dövlət siyasətindən, gənc alimlərə göstərilən diqqət və qayğıdan danışmışdır.
Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən bir qrup gənc alimin Avropa ölkələrində təcrübə keçdiklərini qeyd edən A.Əlizadə sərəncama görə işlərin yenidən davam etdiriləcəyini vurğulamışdır.
Bildirmişdir ki, bu gün gənc alimlərin informasiya texnologiyalarına və xarici dillərə dərindən yiyələnməsi vacibdir. Elmi ədəbiyyatların çoxunun xarici dillərdə olması bu məsələyə xüsusi diqqət yetirilməsini şərtləndirir. Çünki xarici dili bilməyən gənc elmlə məşğul ola bilməz. Respublikamızda gənc alimlərə böyük ehtiyac olduğundan onlar daima öz üzərində çalışmalı, gündəlik işlərində yeniliklər etməlidirlər.
Gənclərin ictimai həyatda fəallığından danışan A.Əlizadə
Azərbaycan həqiqətlərinin elmi əsaslarla xaricdə tanıdılması üçün gənclərin tariximiz, mədəniyyətimiz və incəsənətimiz haqqında dərin biliklərə sahib olmasının vacibliyini də vurğulamışdır.
AMEA-nın Rəyasət Heyətinin akademik-katibi, akademik Vaqif Fərzəliyev çıxış edərək elmə yeni istiqamətləri hər zaman gənc alimlərin gətirdiyini və respublikamızda gəncləri bu istiqamətdə fəallaşdırmağın vacibliyini diqqətə çatdırmışdır.
AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov mərkəz tərəfindən görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, 2005-ci ildə yaradılmış mərkəz gənclər və elm siyasətini həyata keçirən bir qurumdur. Mərkəzin yeni jurnalı təsis edilmiş və burada elmin bütün istiqamətləri üzrə elmi əsərlər çap olunur. Qeyd edilmişdir ki, mərkəz tərəfindən iki ildən bir “Gənclik və elm həftəliyi” keçirilir. Bu il ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar növbəti gənclik və elm həftəliyinin keçirilməsi nəzərdə tutulmuşdur.
Respublikamızda gənc alimlər arasında müxtəlif müsabiqələrin keçirildiyini qeyd edən İ.Orucov Gənclər və İdman Nazirliyinin xətti ilə xarici ölkələrdə keçirilən tədbirlərdə də gənc alimlərimizin iştirak etdiyini nəzərə çarpdırmışdır. Sonra o, Gənc Alimlər şuralarının fəaliyyətlərinin gücləndirilməsi üçün təkliflərini vermişdir.
Tədbirdə Gənc Alimlər şuralarının sədrləri çıxış edərək fəaliyyətləri haqqında məlumat vermiş, mövcud problemlərlə bağlı fikirlərini səsləndirmişlər.
Sonda gənc alimlərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.