ELM VƏ TƏHSİL
AMEA Riyaziyyat və Mexanika İnstitutun bir qrup əməkdaşı Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb
Bakı, 27 sentyabr, AZƏRTAC
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dosent İradə Mirzəzadənin təşəbbüsü ilə elmi müəssisənin bir qrup əməkdaşı Vətən uğrunda düşmənə qarşı döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş baş çavuş Vüqar Cəfərov, Fərid Məhərrəmov, Kəmaləddin Məmmədzadənin ailələri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Baş çavuş Vüqar Cəfərov 1991-ci ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsində Murovdağ, Füzuli, Cəbrayılda gedən döyüşlərdə böyük igidlik nümunəsi göstərib. 2020-ci il oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşdə şəhid olub. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən çavuş Vüqar Cəfərov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fərid Məhərrəmov 2002-ci ildə Bakı şəhərində anadan olub. Əslən Zəngilan rayonun Cahangirbəyli kəndindəndir. Vətən müharibəsində Ağdərədə gedən döyüşlərdə ermənilərin atdığı raket nəticəsində yaralanıb, ancaq buna baxmayaraq döyüş yoldaşlarını xilas edib, özü isə çoxlu qan itirdiyinə görə həlak olub. Fərid Məhərrəmov “Vətən uğrunda” medalı ilə təltif olunub.
Kəmaləddin Məmmədzadə 1999-cu ildə Bakıda anadan olub. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. Noyabrın 8-də Şuşa şəhərində gedən döyüşlərdə şəhid olub. “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzuli azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Riyaziyyat və Mexanika İnstitutunda 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb.
M.Mərdanov deyib: “Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, eləcə də arxa cəbhədə çalışanlar, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.
Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib”.
Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi Vətənə igid oğullar bəxş edən valideynlərə minnətdarlıq ifadə edib. Vurğulanıb ki, şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.