ELM VƏ TƏHSİL
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların meliorasiyası laboratoriyasının beynəlxalq əlaqələri genişlənir
Bakı, 17 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların meliorasiyası laboratoriyasının uğurları davam edir.
Laboratoriyanın müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mustafa Mustafayev AZƏRTAC-a bildirmişdir ki, laboratoriyada torpaqların meliorasiyası, balans müşahidələri əsasında torpaqların su-duz rejiminin öyrənilməsi, onların proqnozlaşdırılması, duzların dərin qatlara doğru yayılma qanunauyğunluqlarının öyrənilməsi, həmin torpaqların duzluluq xəritəsinin tərtib edilməsi, torpaqların münbitliyinin artırılması istiqamətində aqromeliorativ tədbirlər sistemi hazırlanaraq təsərrüfatlara tətbiq olunmaq üçün verilir.
Torpaqların meliorasiya laboratoriyası Polşa Falenqa Su Problemləri Elmi-Tədqiqat İnstitutu, Rusiya Ümumittifaq Elmi-Tədqiqat Hidromeliorasiya və Hidrotexnika İnstitutu, Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyası, Ukrayna Kənd Təsərrüfatı Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Rusiyanın Ryazan Dövlət Aqrotexnoloji Universiteti və s. ilə sıx əməkdaşlıq edir.
Bu yaxınlarda laboratoriyanın müdiri Mustafa Mustafayevin Rusiya və Belarusdan olan mütəxəssislərlə birgə “Torpaqların rekultivasiya praktikası” adlı dərs vəsaiti nəşr olunmuşdur. 754 səhifədən və 13 fəsildən ibarət kitabda torpaqların çirklənməsi, rekultivasiyası, meliorasiyası, onların yaxşılaşdırılması, torpaqda zəhərli maddələrin, mikroelementlərin miqdarı, onların bitkilərə təsiri, ekoloji dəyişikliklərin və s. öyrənilməsindən bəhs edilir.
“Torpaqların rekultivasiya praktikası” kitabı artıq Rusiya, Belarus, Ukrayna və Tacikistanın ali məktəblərində dərs vəsaiti kimi tətbiq olunur. Kitab, həmçinin elmi - tədqiqat işlərində dəyərli mənbə kimi də istifadə edilir.