ELM VƏ TƏHSİL
AMEA XXI Dünya Neft Konqresində təmsil olunmuşdur
Bakı, 19 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyev Rusiyada keçirilmiş XXI Dünya Neft Konqresində iştirak etmişlər.
Akademiyanın mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, konqresə Rusiya Federasiyası hökumət sədrinin müavini Arkadi Dvorkoviç rəhbərlik etmişdir. Doxsan ölkədən beş min nümayəndənin iştirak etdiyi konqresdə 50 ölkənin sənaye nazirləri, həmçinin bp, “British Petroleum”, “Shell”, “Total”, “Exxon Mobile” kimi böyük neft-qaz şirkətləri yer almışlar.
Konqresdə dünya energetika resurslarının hazırkı vəziyyəti, neft bazarlarının inkişaf perspektivi və analizi, neftin istehsalı, saxlanılması və emalı sahəsində innovasiya texnologiyalarının tətbiqi, təbii qaz və alternativ enerji mənbələrindən istifadənin əhəmiyyəti, sənaye və ekologiyada sosial aspektlər kimi məsələlər müzakirə olunmuşdur.
XXI Dünya Neft Konqresi çərçivəsində neft-qaz sərgisi də təşkil edilmişdir. Sərgidə dünyanın ən məşhur şirkətləri, energetika və neft nazirlikləri tərəfindən zamanın çağırışlarına hazırlıq, inkişaf perspektivi, sosial məsuliyyət və ətraf mühitə qayğını özündə əks etdirən işlər nümayiş olunmuşdur.