SİYASƏT
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət etmişdir
Quba, 28 mart (AZƏRTAC). Martın 28-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Quba rayonuna səfər etmişdir.
AZƏRTAC xəbər verir ki, səfirlə əvvəlcə Quba Rayon İcra Hakimiyyətində görüş olmuş, burada Riçard Morninqstara Quba rayonunun tarixi, füsunkar təbiəti, əhalisi haqqında ətraflı məlumat verilmişdir.
Görüşdən sonra səfir jurnalistlərə açıqlamasında bildirmişdir ki, onun bu səfəri Azərbaycanın regionları ilə tanışlıq xarakteri daşıyır.
Daha sonra Riçard Morninqstar ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının bariz nümunəsi olan Quba kütləvi məzarlığını ziyarət etmişdir. Səfirə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə ətraflı məlumat verilmişdir.
Diqqətə çatdırılmışdır ki, Quba məzarlığı 2007-ci ilin aprelində aşkarlanmışdır. Məzarlıqdan çoxu uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Səfir jurnalistlərə açıqlamasında 1918-ci ildə baş verənlərin yerli əhali və ümumilikdə Azərbaycan xalqı üçün çox ağrılı hadisələr olduğunu bildirmişdir. “Günahsız əhalinin həyatını itirməsi ilə nəticələnən bütün hadisələr qəbuledilməzdir və faciədir. Bu kimi faktlar Azərbaycan xalqına bu qədər ağrılı günlər yaşatmış Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunmasının vacibliyini sübut edir”.
Səfir günün ikinci yarısında Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə olacaq, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcəkdir.