DÜNYA
Amerikalı tədqiqatçılar balıq yağını gənclik eliksiri kimi dəyərləndirmişlər
Bakı, 16 mart (AZƏRTAC). Balıq yağının indiyədək bir sıra faydalı xüsusiyyətləri aşkara çıxarılmışdır. Tərkibində olan omeqa-3 yağ turşusu beyin hüceyrələrini cavanlaşdırır, immuniteti gücləndirir, xərçəngə qarşı qoruyucu və önləyici təsir göstərir.
Amerikalı tədqiqatçılar sübut etmişlər ki, balıq yağı xüsusilə orta yaşlı insanlar üçün faydalıdır. O, yaşla əlaqədar göz zəifliyini aradan qaldırır. Eyni zamanda, yaşla bağlı yaranan müxtəlif əqli pozğunluğun aradan qaldırılmasına kömək edən profilaktik üsul hesab edilir.
Balıq yağı uşaqlara da çox faydalıdır. Onların xəstəliyə qarşı müqavimətini artırır, zehni inkişafına müsbət təsir göstərir.
Hamilə və süd verən analara balıq yağından istifadə etmək vacibdir. Bu qida məhsulu körpələrin mərkəzi sinir sisteminə və bədən inkişafına müsbət təsir göstərir. Qızılbalıq, sardina (siyənək fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verilməsi məsləhət görülür. Məhz bu qidalar insanın daha uzun yaşamasına kömək edir.