SİYASƏT
Amerikanın Azərbaycan təşkilatlarının rəhbərləri Vaşinqtonda səfir Riçard Morninqstarla görüşmüşlər
Vaşinqton, 11 yanvar (AZƏRTAC). Vaşinqtonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və direktoru Bədir Məmmədli, Vaşinqtonun Azərbaycan Tədqiqatlar Mərkəzinin (WCAS) başçısı Qədir Şirəliyev və ABŞ-Azərbaycan Ticarət palatasının direktoru vəzifəsini icra edən Süzan Sadıqovanın ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşü olmuşdur.
Görüşdə müxtəlif sahələrdə Azərbaycan-Amerika əməkdaşlığı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı məsələləri müzakirə edilmişdir. Görüş zamanı təşkilatların başçıları bu münaqişənin həllində ABŞ-ın daha fəal iştirak edəcəyinə əmin olduqlarını bildirmişlər. İkitərəfli münasibətlərin inkişafı proseslərinə Amerikanın azərbaycanlı icmasının daha fəal cəlb olunması yolları da müzakirə edilmişdir. Təşkilatların rəhbərləri həmçinin ABŞ-ın Dağlıq Qarabağa yardımı məsələlərindən və 907-ci düzəlişlə, habelə ABŞ-ın Robert Menendez və Barbara Bokser kimi bəzi ermənipərəst qanunvericilərinin bu məsələlərə qərəzli münasibəti ilə bağlı narahatlıqlarını bildirmişlər.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin nümayəndəsi Bədir Məmmədli səfirə Amerika azərbaycanlılarının siyasi fəallıq və vəkillik məsələləri üzrə maarifləndirilməsi işində USAN-ın rolundan bəhs etmişdir. Səfir Morninqstar görülən tədbirlərə görə təşkilat üzvlərinə minnətdarlığını bildirmiş və Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə daha geniş heyətdə görüşəcəyinə əmin olduğunu demişdir.
Yusif Babanlı
Vaşinqton