DÜNYA
Amerikanın beş ştatında kəskin “Hepatit A” epidemiyası yayılmışdır
Vaşinqton, 1 iyun (AZƏRTAC). Amerikada çıxan “USA Today” qəzetinin verdiyi məlumata görə, Amerikanın beş ştatında kəskin “Hepatit A” epidemiyası yayılmışdır. Artıq 30 nəfər xəstəxanaya düşmüşdür. Xəstələr Kolarado, Nyu-Meksiko, Nevada, Arizona və Kaliforniya ştatlarında qeydə alınmışdır. İlk xəstə aprelin 29-da qeydə alınmışdır. Araşdırma zamanı xəstələrin “The Townsend Farms” şirkəti tərəfindən istehsal edilən və “Costco” mağazalar şəbəkəsində satılan dondurulmuş məhsul - üzvi giləmeyvələrdən ibarət assorti yeməsi müəyyən edilmişdir. Mağazanın müdiriyyəti bu məhsulun həqiqətən təhlükəli olmasını elan etmiş və onu mağazalardan yığışdırmışdır.
Səhiyyə xidməti insanları ehtiyatlı olmağa çağıraraq, diqqətə çatdırmışdır ki, barlar və restoranlar müxtəlif kokteyl və desertlər hazırlanması üçün həmin məhsullardan istifadə edirlər.
Yusif Babanlı
Vaşinqton