DÜNYA
“Amnesty international” Fransa hökumətindən qaraçıların ölkədən çıxarılmasını tezliklə dayandırmağı tələb etmişdir
Paris, 29 noyabr (AZƏRTAC). “Amnesty international” təşkilatı Fransada məskunlaşmış qaraçıların ölkədən çıxarılması barədə hökumətin addımını beynəlxalq hüquq normalarını pozmaq kimi dəyərləndirmiş və dövlət rəsmilərindən bu hərəkəti tezliklə dayandırmağı tələb etmişdir.
Təşkilat Fransa hökumətinin qeyri-fransız millətlərə qarşı apardığı ayrı-seçkilik siyasəti nəticəsində 2012-ci ilin son üç rübündə 9 min qaraçının ölkədən çıxarılması faktını pisləmişdir. Qaraçıların Fransadan kütləvi şəkildə çıxarılması cari ilin iyul, avqust aylarında daha yüksək həddə çatmışdır. Həmin aylarda 2 min 300 qaraçı Fransadan Rumıniyaya və Bolqarıstana köçürülmüşdür.
“Amnesty international” Fransa dövlətini qeyri-fransız millətlərə qarşı diskriminasiya siyasətinə yol verməməyə və qaraçıların hüquqlarını pozmamağa çağırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris