MƏDƏNİYYƏT
Amos Talmon: Qəbələnin gözəlliyi məni heyran etdi VİDEO
Qəbələ, 29 iyul (AZƏRTAC). Qəbələnin gözəlliyi məni heyran etdi. Təbiətin qoynunda Yerusəlim Simfonik Orkestrinin konsertini idarə etmək hər bir dirijor üçün böyük fəxrdir.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla davam edən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin tanınmış dirijoru Amos Talmon AZƏRTAC-a müsahibəsində demişdir.
V Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkilatçılığını yüksək qiymətləndirən Amos Talmon bu mötəbər tədbirdə çıxış etmək üçün yaradılan şəraitə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Azərbaycana artıq ikinci dəfə səfər etdiyini bildirən məşhur dirijor ölkəmizin İsraillə siyasi, iqtisadi mədəni əlaqələrinin və digər sahələrdə əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırmışdır.
Görkəmli musiqiçi daha sonra demişdir: “İlk dəfə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri ilə konsertim olmuşdur. Qəbələ Beynəlxalq Musiqi Festivalına artıq dünyada böyük maraq yaranmışdır. Festival çərçivəsində keçirilən konsertimizdən böyük zövq aldım. Düşünürəm ki, mənim dirijorluğum ilə Yerusəlim Simfonik Orkestri tamaşaçılara unudulmaz anlar bəxş edə bildi.
Festival müddətində çıxış edəcəyimiz konsertlərdəki repertuarımız çox zəngindir. Qəbələnin dağlıq ərazidə yerləşməsi bizi daha ilhamla çıxış etməyə ruhlandırır. Bura həqiqətən heyrətamiz və sehrlidir. Qəbələnin insanları səmimi və qonaqpərvərdirlər. Azərbaycan durmadan inkişaf edən gənc ölkədir. Milli mətbəx nümunələrinizi çox sevdim.
Yerusəlimdə məşqlər zamanı Qəbələyə səbirsizliklə gələcəyimiz anı gözləyirdik. Dünyanın tanınmış orkestrləri bura toplaşmışlar. Bu da bu mötəbər incəsənət bayramının beynəlxalq aləmdə getdikcə artan nüfuzundan xəbər verir”.