CƏMİYYƏT
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən ay piyada əleyhinə 545, tank əleyhinə 85 mina aşkarlanıb
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 677 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Məlumata görə, ötən ilin noyabrın 10-dan iyulun 31-dək piyada əleyhinə 8951, tank əleyhinə 4022 mina və 10 min 26 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ümumilikdə 3942 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.