SİYASƏT
Andrey Yermolov: Bakı Beynəlxalq Humanitar Forumu dünyada fənlərarası və intellektual ünsiyyətin ən güclü platformalarından biri olmağa namizəddir
Kiyev, 7 noyabr (AZƏRTAC). XXI əsrin inkişafının humanitar aspektlərinin, habelə ümidlərinin və çağırışlarının 2011-ci ildə əsas müzakirə mövzusu olduğu Bakı Humanitar Forumu dünyanın ən güclü fənlərarası və intellektual ünsiyyət platformalarından biri olmağa namizəddir. Bu sözləri AZƏRTAC-a müsahibəsində forumun iştirakçısı, Ukrayna Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutunun direktoru Andrey Yermolov bildirmişdir.
O demişdir: ”Dünyanın adlı-sanlı aparıcı alimləri, nüfuzlu siyasi və ictimai xadimlər, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri inkişaf edən qloballaşma şəraitində biliklərin toplanması və müasir dünyanın müxtəlif proseslərinin humanitar aspektlərinin təhlili üçün güclü mexanizm əldə etmişlər. Forum iştirakçıları çıxışları ilə fəlsəfə, habelə humanitar sahələrdə elmi və analitik potensial nümayiş etdirməklə yanaşı, dünyanın aparıcı intellektual mərkəzlərinin sözügedən istiqamətlərdə əməkdaşlığının qurulmasını stimullaşdırırlar”.
Bakı Beynəlxalq Humanitar Forumuna humanitar əməkdaşlığın inkaşafı sahəsində böyük gələcək vəd edirlər. Deməli, onun özünü təkmilləşdirməsi üçün yollar çoxdur. Ötən forumun ayrı-ayrı tematik diskussiyaları şəhərin bir-birindən kifayət qədər aralı müxtəlif guşələrində təşkil edilmişdi. Amma hər bir iştirakçı üçün təkcə bir mövzu kifayət etməyə bilər. Təşkilatçılar forum iştirakçıları arasında əlaqə yaratmaq, ünsiyyət üçün onlara bir növ “ümumi məkan” vermək barədə düşünməlidirlər. Söhbət tələm-tələsik “Humanitar Forum Sarayının” tikintisindən getmir. Forumda barəsində xeyli danışılan çoxlu sayda informasiya texnologiyası mövcuddur. Bu texnologiyalar bilavasitə bir tematik paneldə iştirakla yanaşı, öz seçiminə görə istənilən iclasa qatılmaq imkanı verir. Bir növ məşhur “telekörpü” və ya müzakirələrin ayrı-ayrı ekranlarda nümayiş etdirilməsi. Bakı Beynəlxalq Humanitar Forumu belə bir imkanla iştirakçıların innovasiya bilikləri almalarına daha çox xidmət edərdi.
A.Yermolov demişdir: ”Nümunəvi haldır ki, belə bir diskussiya məkanının təşkil edilməsi üçün məhz Bakı seçilmişdir. Gənc bir dövlət kimi multikulturializm cəmiyyətində özünə inkişaf, sülh və sabitlik yolu seçmiş Azərbaycan regionda humanitar məsələlərin həllində layiqli örnəkdir. Bu isə yalnız hər bir millətin tarixi, mənəvi və mədəni irsinin hifz olunması sayəsində mümkündür”.
A.Yermolov fikrini yekunlaşdıraraq bildirmişdir: “Forumun Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilməsi də az əhəmiyyətli olmayan faktdır. Ölkə rəhbərliyinə başucalığı gətirən haldır ki, humanitar məsələlərə dair belə bir forumun keçirilməsinin əhəmiyyətini başa düşən hakimiyyət orqanlarının nümayəndələri təkcə tədbirlə yaxından maraqlanıb, burada iştirak etməmişlər. Onlar, həmçinin forumda səslənmiş dünya elminin humanitar sahədəki analitik hesablamalarından və qənaətlərindən istər gənc siyasətçilər üçün “təlim poliqonu”, istərsə də dövlət qərarlarının işlənib hazırlanması üçün təkliflər kimi istifadə edə biləcəklər”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev