CƏMİYYƏT
Ankarada nümunəvi həkim olmaq mövzusunda forum keçiriləcək
Ankara, 4 dekabr, AZƏRTAC
Türkiyə paytaxtında “Nümunəvi həkim olmağa doğru” VI Ankara Forumu keçiriləcək. Dekabrın 7-də başlayacaq tədbir iki gün davam edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Ankaradakı səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyi tərəfindən birgə təşkil olunan forumda Azərbaycan və Türkiyə daxil olmaqla müxtəlif ölkələrdən təxminən 300 həkim və tibb sahəsində təhsil alan tələbənin, eləcə də musiqi və idman sahəsində tanınmış şəxslərin iştirakı nəzərdə tutulub.
Tədbirdə Azərbaycan və Türkiyənin səhiyyədə əldə etdikləri uğurlar, bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları və təhsilin vəziyyəti, həmçinin müasir dünyanın problemləri kimi məsələlər müzakirə olunacaq.
Forum rəsmi hissə, panellər və bədii bölmədən ibarət olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara