SİYASƏT
Antiazərbaycan dairələri hər fürsətdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa cəhd göstərirlər
Bakı, 11 yanvar (AZƏRTAC). ABŞ-ın “Heritage” Fondu “The Wall Street Journal” qəzeti ilə birlikdə iqtisadi azadlıq səviyyəsi üzrə ənənəvi illik indeksi açıqlamışdır. İndeks biznes, ticarət, investisiya, əmək bazarı azadlığı, korrupsiyanın səviyyəsi, vergi sistemi və başqa meyarlara əsaslanır.
Bu hesabatda bir daha Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilmişdir. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirmişdir ki, Antiazərbaycan dairələri hər fürsətdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa cəhd göstərirlər. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2012-ci ili də yüksək nailiyyətlərlə başa vurdu və perspektiv inkişaf üçün qarşıya yeni vəzifələr qoydu. Dövlətimizin başçısının son 10 il ərzində yürütdüyü praqmatik daxili və xarici siyasət Azərbaycanın qlobal əhəmiyyətli ölkə kimi gücünü bütün dünyaya nümayiş etdirdi. Lakin təəssüflər olsun ki, ölkəmizin bu uğurlarına sevinməyən, beynəlxalq imicinə xələl gətirmək istəyən qüvvələr qeyri-obyektiv məsələlərlə Azərbaycana münasibətdə yanlış ictimai fikir formalaşdırmağa çalışırlar. Lakin həmin qərəzli dairələrin bu cəhdləri uğursuzluqla nəticələnəcəkdir. Çünki reallıq ondan ibarətdir ki, araşdırmanın ayrı-ayrı indeksləri üzrə təhlillər aparsaq, Azərbaycanın orta Avropa ölkəsindən dəfələrlə güclü olduğunu görərik. Bu gün Azərbaycanda şəffaf biznes mühiti yaradılmış, “bir pəncərə” sistemi tətbiq edilmişdir. Ölkədə sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir. Bunun nəticəsidir ki, ölkəmizdə sahibkarlar sinfi formalaşmış və qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payı dəfələrlə artmışdır. Bundan başqa, korrupsiya ilə mübarizə sahəsində nailiyyətlər də göz qabağındadır. Prezident İlham Əliyevin şəxsən bu problemi nəzarətdə saxlaması şəffaflığın artmasına gətirib çıxarmışdır. Vergi sistemi üzrə isə artıq Azərbaycanı nəinki MDB, hətta bir çox Avropa dövlətlərinə nümunə kimi də göstərmək olar. Bir sözlə, ABŞ-ın “Heritage” Fondu “The Wall Street Journal” qəzeti ilə birlikdə hazırladığı iqtisadi azadlıq səviyyəsi üzrə ənənəvi illik indeks qeyri-obyektivdir, əsassızdır. Bir halda ki, bu hesabatda Ermənistan “azad” ölkə kimi göstərilmişdir, o zaman araşdırmanı aparanların özlərinin erməni lobbisinin təsiri altında olmaları haqqında da şübhələrə yer qalmır.