DÜNYA
“App Store”a “selfie” proqram bölməsi əlavə edilmişdir
Bakı, 22 mart (AZƏRTAC). “Apple” şirkəti “App Store” onlayn-mağazasına fotoçəkiliş üçün “selfie” mobil proqramı bölməsini əlavə etmişdir. “Selfie” sözü smartfon və ya veb-kameranın köməyi ilə istifadəçinin özü tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən fotoşəkil mənasını verir. Bu neologizm “Oksford” lüğətinin versiyasına əsasən, 2013-cü ildə ilk dəfə rəsmi olaraq tanınmışdır. Lüğətin redaktorları müəyyən etmişlər ki, bir il ərzində ingilis dilində “selfie” sözündən istifadə tezliyi 17 min faiz artmışdır.
“Sharing Selfies” bölməsi “App Store”un “Featured” menyusunda yer almışdır. Bu bölmə ABŞ və ya Böyük Britaniyada qeydə alınmış “App Store” hesabından istifadə üçün aktivdir. “Sharing Selfies”də istifadəçilərin öz şəkillərini çəkərək dostları ilə paylaşa biləcəkləri “Close-up daily selfies”, “Snapchat”, “Frontback”, “Facetune”, “Everyday” və “Picr” kimi proqramlardan istifadə etmək mümkündür. “Sharing Selfies" istifadəçilərə öz şəkillərini çəkmək və dostları ilə paylaşmaq imkanı verən proqram toplusudur.