MƏDƏNİYYƏT
Apreldə Gənc Tamaşaçılar Teatrında maraqlı tamaşalar olacaq
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aprel repertuarı maraqlı tamaşalarla zəngindir.
AZƏRTAC xəbər verir ki, aprelin 3-ü, 14-ü, 29-u və 30-da M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan”, 15-də “Hacı Qara”, 19-da isə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşaları nümayiş olunacaq.
Teatrın kollektivi aprelin 4-də B.Marvinin “Yatmış gözəl” və M.MakDonaxın “Lineyn trilogiyası”na daxil olan “Yalqız Qərb”, 5-də isə Ş.Perronun “Çəkməli pişik” və U.Şekspirin “Romeo və Culyetta” əsərləri əsasında hazırlanmış tamaşalar göstərəcək.
Tamaşaçılar ayın 9-u və 18-də İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, 11-də isə “Məhv olmuş gündəliklər” tamaşalarına baxa bilərlər.
Dilsuzun “Əlincə qalası” tamaşası aprelin 10-da, A.Tolstoyun “Buratinonun macəraları” 11-də, A.Şaiqin “Tıq-tıq xanım” və Ə.Haqverdiyevin “Pəri Cadu”tamaşaları isə aprelin 12-də təqdim ediləcək.
Tamaşaçılara aprelin 18-də M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm”, 19-da S.S.Axundov və A.Şaiqin “Qaraca qız”, 24-də N.Gəncəvinin “Xeyir və Şər” əsərləri əsasında hazırlanmış tamaşalar təqdim olunacaq.
Aprelin 25-də Elçinin “Buzovna kəndinin əhvalatları”, eyni zamanda aprelin 25-i və 26-da P.Nurəliyevanın “Dəcəl keçi” tamaşası təqdim olunacaq. Ə.Əmirlinin “Hasarın o üzü” tamaşası aprelin 26-da, “Mən səni sevirəm – MSS” isə 28-də göstəriləcək.
Həmçinin aprelin 23-də Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində V.Tarnopolski “Kölgənin o biri tərəfində” operası nümayiş olunacaq.