SİYASƏT
“AQO” MONİTORİNQ QRUPU NÜMAYƏNDƏ HEYƏTİ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA OLMUŞDUR
Bakı, 24 noyabr (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsi “Aqo” monitorinq qrupunun nümayəndə heyəti noyabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Qurumun mətbuat xidmətindən bildirmişlər ki, “Aqo” monitorinq qrupunun rəhbəri Stelian Stoyan MSK sədrinə səmimi qəbula görə təşəkkürünü bildirmiş və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı komissiyanın gördüyü işlər, atacağı addımlarla maraqlanmışdır.
Sədr Məzahir Pənahov bələdiyyə seçkilərində mühüm bir mərhələ olan namizədlərin qeydə alınması prosesinin artıq başa çatdığını və 32 minə yaxın namizədin qeydə alındığını vurğulayaraq qeyd etmişdir ki, bu seçkilərdə 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınmışdır. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər. Noyabrın 25-dən bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayır və həmin subyektlərin təşviqat aparmaları üçün hərtərəfli şərait yaradılmışdır. MSK ənənəvi olaraq genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirir. Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunmuş kurslar, Prezident Administrasiyasının ATƏT-in Bakı ofisi ilə birgə keçirdiyi yerli icra hakimiyyəti başçıları və DSK sədrləri üçün məlumat sessiyası da bu qəbildəndir. Hazırda məntəqə seçki komissiyalarının üzvlərinə treninq keçəcək DSK trenerləri üçün MSK-nın treninq qrupu tərəfindən məşğələlər təşkil olunur. Dekabrın əvvəlindən isə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılacaqdır.
M.Pənahov seçicilərin maarifləndirilməsi ilə bağlı həyata keçirilən və gerçəkləşdiriləcək layihələr barədə də məlumat verərək bildirmişdir ki, seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımlar bundan sonra da atılacaq və seçkidə iştirak edən vətəndaşların seçki hüquqları tam təmin olunacaqdır.
Görüşdə Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.
######