REGİONLAR
Aqrar Universitetin kollektivi pambıqçılığın inkişafı ilə bağlı təşəbbüsə qoşulub
Gəncə, 20 aprel, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın əvvəlki şöhrətinin qaytarılması və bu sahənin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Aqrar Universitetin professor-müəllim, eləcə də tələbə heyəti tərəfindən rəğbətlə qarşılanıb. Bu təşəbbüsə qoşulan aqronomluq fakültəsinin müəllim və tələbələri tədris müəssisəsinin təcrübə sahəsində pambıq səpini həyata keçiriblər.
Universitetin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli AZƏRTAC-a bildirib ki, məqsəd məhsuldar pambıq sortlarının müqayisəli öyrənilməsi, daha mütərəqqi becərilmə texnologiyasını tədqiq edərək məhsuldarlığı yüksəltmək, əldə olunan uğurlu nəticələri fermer təsərrüfatları arasında yaymaq və ölkədə pambıqçılığın inkişafına yardım etməkdir.
Təcrübəyə əsaslanan tədris metodunun üstünlüklərindən danışan Qalib Rəhimli qeyd edib ki, hazırda universitetin aqronomluq fakültəsinin tələbələri tarla-təcrübə işlərində torpağın hazırlanmasından məhsul yığımına qədərki bütün aqrotexnoloji əməliyyatlarda yaxından iştirak edirlər. Bu cür tədris metodu tələbələrin praktik vərdişlərinin artmasına müsbət təsir göstərməklə yanaşı, onların peşəkar, yüksək ixtisaslı kadrlar kimi yetişməsinə böyük stimul verir.