İQTİSADİYYAT
ARDNŞ ABŞ-da ən böyük neft mühəndisliyi fakültəsinə Malik Texas A&M Universiteti ilə əməkdaşlıq etmək niyyətindədir
Baki, 7 dekabr (AZƏRTAC). ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir. ABŞ-ın bir neçə şəhərində şirkətin perspektiv layihələri ilə əlaqədar mühüm görüşlərin keçiriləcəyi bu səfər Texas ştatından başlanmışdır. Nümayəndə heyəti Hyuston şəhərində neft mühəndisliyi istiqaməti üzrə bütün dünyada məşhur olan Texas A&M Universitetinin prorektoru Çad Vuttonla görüşmüşdür. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən Bakı Ali Neft Məktəbinin yaradılması istiqamətində ARDNŞ tərəfindən aparılan işlərdən danışılmış, bu məqsədlə bütün dünyada tanınmış mühəndislik universitetlərinin təcrübəsi ilə tanış olub, mümkün əməkdaşlıq imkanlarının araşdırıldığı qeyd edilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, R.Abdullayev son illər müasir biliklərə yiyələnmiş gənc neftçi mütəxəssislərin hazırlanması istiqamətində şirkətdə həyata keçirilən kadr hazırlığı proqramları haqqında ətraflı məlumat vermiş, bu sahədə dünyanın aparıcı universitetləri ilə sıx əməkdaşlıq münasibətləri qurulduğunu söyləmişdir. O, ARDNŞ-in ölkə xaricində, xüsusilə Avropada irihəcmli investisiya layihələri gerçəkləşdirdiyini vurğulayaraq, beynəlxalq bazarlarda özünə layiqli yer tutması üçün şirkətdə yüksək intellektual potensiala malik, müasir tələblərə cavab verən mütəxəssislərə ehtiyac duyulduğunu bildirmişdir. Bakı Ali Neft Məktəbinin məhz bu məqsədə xidmət edəcəyini deyən şirkətin prezidenti bu sahədə mühəndis ixtisasları üzrə beynəlxalq nüfuz qazanmış universitetlərlə ortaq proqramlar həyata keçirilməsini qarşıda duran başlıca vəzifələrdən biri kimi səciyyələndirmişdir. R.Abdullayev artıq 35 ildir ki, Bakı ilə qardaşlaşmış şəhər olan Hyustonda yerləşən Texas A&M Universitetindəki neft mühəndisliyi fakültəsi ilə birgə fəaliyyət üçün böyük imkanlar yarandığını diqqətə çatdırmışdır.
Ç.Vutton universitet haqqında ətraflı məlumat vermiş, qeyd etmişdir ki, Amerikanın ən yaxşı 10 universitetindən biri olan A&M Universitetində 370-dən artıq mühəndislik fakültəsi fəaliyyət göstərir. Amerikada ən böyük neft mühəndisliyi fakültəsinə malik universitetin prorektoru demişdir ki, ARDNŞ ilə əməkdaşlıq üçün çoxsaylı imkanlar mövcuddur. O, ilk addım kimi fakültə təmsilçilərinin proqram və standartların hazırlanmasında iştirak etməsini, sonradan müəllim və tələbə mübadilələri aparılmasını və əməkdaşlığın daha yüksək mərhələlərinə keçilməsini mümkün hesab etmişdir. Görüşdə A&M Universitetinin nümayəndə heyətinin ARDNŞ-in dəvəti ilə Bakıya səfər etməsi barədə ilkin razılıq əldə olunmuşdur.
Daha sonra Rövnəq Abdullayev Texas ştatının paytaxtı Ostin şəhərinə gələrək, bu ştatın qubernatoru Rik Perri ilə görüşmüşdür. R.Perri ARDNŞ-in rəhbərini Texas ştatının parlament binasında qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakıda ARDNŞ tərəfindən Ali Neft Məktəbi yaradılması haqqında qubernatora məlumat verilmiş, yeni təhsil ocağının yaranma səbəblərindən danışılmış, bu sahədə A&M Universitetinin ARDNŞ ilə birgə fəaliyyətə cəlb olunması məsələsinin dəstəklənməsi xahiş olunmuşdur. Qubernator R.Perri ARDNŞ rəhbərliyinin təkliflərinə tam dəstək veriləcəyini demişdir. Görüşün sonunda ARDNŞ nümayəndə heyəti Texas qubernatoru ilə xatirə şəkli çəkdirmişdir.