İQTİSADİYYAT
ARDNŞ-də Almaniya Bundestaqının üzvləri ilə görüş olmuşdur
Bakı, 8 iyun (AZƏRTAC). ARDNŞ-in baş ofisində Şirkət rəhbərliyi ilə Almaniya Bundestaqı üzvləri və Avropa parlamentarilərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Qonaqları səmimi salamlayan ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu və bu inkişafda neft-qaz sənayesinin mühüm rol oynadığını bildirmişdir. Səmimi qəbul üçün qonaqlar adından minnətdarlığını bildirən Almaniya Bundestaqının və AŞPA-nın keçmiş üzvü Eduard Lintner güclü iqtisadi potensiala malik olan Azərbaycan, onun qədim tarixə malik neft-qaz sənayesi haqda geniş məlumat almaq istədiklərini bildirmişdir.
Vitse-prezident E. Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu haqqında qonaqlara məlumat vermiş, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq, ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyəti haqda söz açmışdır. Daha sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının həyata keçirilməsindən danışan E. Nəsirov bildirmişdir ki, qısa müddətdə ölkəmizdə neft-qaz hasilatı rekord səviyyəyə çatdırılmış, etibarlı və şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sistemi yaradılmışdır. Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqda danışan ARDNŞ-in vitse-prezidenti son illər həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açmış, avropalı deputatları maraqlandıran məsələlərə aydınlıq gətirmişdir.
Qonaqlar dolğun informasiyaya görə minnətdarlıqlarını bildirmiş, Azərbaycan, onun yüksəlişdə olan iqtisadiyyatı barədə məlumatlardan öz fəaliyyətlərində yararlanacaqlarını söyləmişlər.
Görüşün sonunda onlara Azərbaycanın neft sənayesi tarixindən bəhs edən kitablar təqdim olunmuşdur.