İQTİSADİYYAT
ARDNŞ-də Avstriya nümayəndə heyəti ilə görüş keçirilmişdir
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Avstriya Federal İqtisadiyyat, Ailə və Gənclər naziri Reynhold Mitterlenherin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayan R.Abdullayev Avstriyanın Federal Prezidenti Haynts Fişerin Azərbaycana səfərini iki ölkə arasında əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etmişdir. ARDNŞ prezidenti R.Abdullayev son illər Azərbaycanın enerji sektorunda əldə olunmuş müvəffəqiyyətlər, yeni yataqların kəşf olunması, infrastrukturun yenilənməsi prosesləri haqqında qonaqlara ətraflı məlumat vermişdir. “Şahdəniz” layihəsinin işlənilməsinin 2-ci fazasına hazırlıq mərhələsinin yekunlaşmaq üzrə olduğunu vurğulayan ARDNŞ prezidenti Azərbaycan təbii qazının şaxələndirilmiş ixrac marşrutları üzrə nəql olunması baxımından Avropa İttifaqının “Cənub qaz dəhlizi” layihəsinə xüsusi önəm verildiyini söyləmişdir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Avstriya Federal İqtisadiyyat, Ailə və Gənclər naziri Reynhold Mitterlenher ölkələrimiz arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini məmnuniyyət hissi ilə qeyd etmiş, bu münasibətlərin dərinləşməsində enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulamışdır. O, Azərbaycanın iqtisadi inkişaf tempi baxımından mühüm nailiyyətlər qazandığını söyləyərək, ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.