İQTİSADİYYAT
ARDNŞ-də “BNP Paribas Switzerland” bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) “BNP Paribas” bankının İsveçrədəki bölməsinin baş icraçı direktoru Paskal Borisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
AZƏRTAC xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, “BNP Paribas” bankı və onun İsveçrədəki bölməsi ilə şirkət arasında yüksək səviyyəli əməkdaşlığın qurulduğunu demişdir.
“BNP Paribas” bankının İsveçrədəki bölməsinin baş icraçı direktoru Paskal Boris şirkətin son illər Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində qazandığı nailiyyətləri diqqətlə izlədiklərini qeyd etmiş, bu uğurları yüksək qiymətləndirmişdir. ARDNŞ ilə əməkdaşlığın mövcud səviyyəsindən məmnun olduqlarını söyləyən Paskal Boris “BNP Paribas Switzerland”-in şirkətin xaricdə həyata keçirdiyi investisiya layihələrinə marağını ifadə etmişdir.
R.Abdullayev son illər beynəlxalq maliyyə qurumları ilə şirkət arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulduğunu, şirkətin beynəlxalq maliyyə dairələrdə böyük etimad qazandığını, yüksək maliyyə reytinqinə malik olduğunu nəzərə çatdırmışdır. O, qeyd etmişdir ki, indi artıq dünyanın demək olar ki, bütün məşhur bankları ARDNŞ ilə əməkdaşlığa can atırlar və bu da şirkətə verilən təkliflərin qiymətləndirilməsində daha inamlı addımlar atmağa imkan yaradır.
ARDNŞ prezidenti Azərbaycanda investisiya qoyuluşu üçün bütün hüquqi imkanların yaradıldığını, münbit şərait olduğunu vurğulayaraq bankın maraq göstərdiyi investisiya layihələri haqqında qonaqlara ətraflı məlumat vermiş, əməkdaşlığı genişləndirmək təkliflərini dəstəklədiyini bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında da fikir mübadiləsi aparılmışdır.