SİYASƏT
ARDNŞ-in idarə və müəssisələrində ulu öndər Heydər Əliyevin doğum günü qeyd olunmuşdur
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən tədbirlər davam edir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda ulu öndərin xatirəsinin anılması üçün mərasim keçirilmişdir
Mərasim iştirakçıları əvvəlcə ulu öndərin zavodun həyətindəki büstünü ziyarət etmiş, önünə gül qoymuşlar.
Sonra zavodun direktoru Səfixan Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində göstərdiyi misilsiz xidmətlərdən danışmış, müəssisənin yaranmasında onun müstəsna rolunun olduğunu qeyd etmişdir.
Ümummilli lider Heydər Əliyevin 89-cu ildönümü Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) da qeyd edilmişdir.
Kollektiv əvvəlcə zavodun foyesində ümummilli liderin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmişlər. Zavodun direktoru Elman İsmayılov müəssisənin qazandığı uğurların əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir. Bir çox texnoloji qurğuların tikilməsi və müvəffəqiyyətlə istismara verilməsində Heydər Əliyevin böyük əməyinin, Azərbaycan neft sənayesinə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
ARDNŞ-in qaz emalı zavodunda da tədbir keçirilmişdir.
Ümummilli liderin büstü qarşısında onun əziz xatirəsi ehtiramla yad edilmişdir. Zavodun direktoru Aqşin Paşayev Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi müstəsna xidmətləri barədə geniş məlumat vermiş, ulu öndərin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını vurğulamışdır.
Ümummilli lider Heydər Əliyevin doğum günü ARDNŞ-in İnsan Resursları Departamentində (İRD) də qeyd olunmuşdur. Departamentin rəisi Asif Bəkirli bildirmişdir ki, Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, dönüş yaratmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət qurmuşdur.
Qeyd olunmuşdur ki, Heydər Əliyevin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımları, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycanın müstəqilliyinin əbədi olması üçün möhkəm zəmin yaratmışdır.